“Qafqaz təqvimi”nin tarixi-demoqrafik
mənbə kimi xüsusiyyətləri
Xülasə. Tədqiqat işində “Qafqaz təqvimi” (“Kavkazskiy kalendar”) külliyyatı tarixi-demoqrafik mənbə olaraq təhlil edilir və xüsusiyyətləri araşdırılır. Məqalədə dünya təcrübəsi ilə müqayisəli paralellər aparılaraq, demoqrafik məlumatların dövlət idarəçiliyi və elmi tədqiqatlarda rolu əsaslandırılır. Tədqiqatın əsas obyekti olan “Qafqaz təqvimi”nin materialları əhalinin sayı, etnik-dini tərkibi, kənd-şəhər nisbəti və təbii hərəkəti baxımından təhlil edilir. Təqvimdə əks olunan statistik cədvəllərin və imperiya dövründə keçirilən kameral təsvirlərin regionun etno-demoqrafik xəritəsinin bərpasındakı əhəmiyyəti önə çəkilir. Müəllif, mənbənin metodoloji məhdudiyyətlərini (inzibati dəyişikliklər, məmur qərəzliliyi və s.) qeyd etməklə yanaşı, bu külliyyatın Azərbaycanın Rusiya imperiyası tərəfindən işğalından sonra baş verən prosesləri izləmək üçün mühüm əhəmiyyəti olduğunu sübut edir. Tədqiqat tarixi sənədlərin elmi təhlili vasitəsilə qlobal dayanıqlı inkişaf hədəflərinin icrasına, xüsusilə dayanıqlı məskunlaşma və tarixi ədalətin bərpasına elmi töhfə verir. XIX əsrin ortalarından XX əsrin əvvəllərinə qədər olan dövrü əhatə edən “Qafqaz təqvimi” külliyyatı regionun demoqrafik, inzibati və sosial-iqtisadi tarixini izləmək üçün mötəbər statistik mənbə kimi əhəmiyyətlidir.
Açar sözlər: tarixi-demoqrafik mənbələr, “Qafqaz təqvimi”, siyahıyaalma, Rusiya imperiyası, Azərbaycan, dayanıqlı məskunlaşma, tarixi ədalət