Sink-PABA Kompleksi: Sintezi, Quruluşu və Gisela-6 üzərində invitro biostimullaşdırıcı təsiri
Aynur Bayramova1*
, Ramidə Quliyeva2
,
Elgün Mahmudov3
, Günay Abbasova3
, Daşqın Qənbərov4
Xülasə. Bu tədqiqatda para-aminobenzoy turşusundan əldə olunmuş yeni sink əsaslı koordinasiya kompleksi sintez edilmiş və onun struktur xüsusiyyətləri müxtəlif fiziki-kimyəvi və spektroskopik metodlarla xarakterizə olunmuşdur. Eyni zamanda, kompleksin bioloji aktivliyi onun biotibbi və ya farmasevtik sahələrdə potensial tətbiq imkanlarını qiymətləndirmək məqsədilə tədqiq edilmişdir. Sintez prosesi zamanı stexiometrik nisbətlər saxlanılmaqla müxtəlif kimyəvi reagentlərdən istifadə olunmuş və alınan məhsulun kristal strukturu mikroskop altında analiz edilmişdir. Kompleks FT-IR spektroskopiyası, termoqravimetrik analiz (TGA) və kristalloqrafiya daxil olmaqla bir neçə analitik metodla xarakterizə edilmişdir. İnfraqırmızı (IR) spektrdə karboksil qruplarının udulma tezlikləri analiz olunmuş və koordinasiya tipinin ion xarakterli olduğu müəyyən edilmişdir. Termal parçalanma prosesi dörd əsas mərhələdə baş vermiş və struktur dəyişiklikləri proses boyunca izlənilmişdir. Sintez edilmiş birləşmə müxtəlif konsentrasiyalarda “Gisela-6” bitkilərinə in vitro şəraitdə tətbiq edilmişdir. Komplekslə zənginləşdirilmiş qida mühitində bitki inkişafı və proliferasiya göstəricilərində əhəmiyyətli artım müşahidə olunmuşdur. Xüsusilə 700 mg/L konsentrasiyada yüksək başlanğıc və proliferasiya göstəricisi (90%) və sürətli böyümə qeydə alınmışdır. Aparılan tədqiqat göstərmişdir ki, sintez edilmiş kompleks bitki inkişafını stimullaşdıran effektiv bioloji aktiv maddə kimi çıxış edə bilər.
Açar sözlər: para-aminobenzoy turşusu, FT-IR spektroskopiyası, termoqravimetrik analiz, in vitro, bitki inkişafı, bioloji aktiv maddə, başlanğıc, proliferasiya