DOI: https://doi.org/10.36719/2789-6919/50/95-98
Tusi Məhərrəmzadə
Bakı Dövlət Universiteti
https://orcid.org/0009-0009-3760-4434
mhrrmzadet@gmail.com
Siyasi-iqtisadi sanksiyaların tətbiqi prosesində insan haqlarının
qorunmasına yeni yanaşmalar
Xülasə
Bu elmi məqalədə müasir dövrdə qloballaşmanın siyasi və iqtisadi əlaqələrə göstərdiyi təsirləri, eləcə də bu çərçivədə beynəlxalq sanksiyaların aktuallığını eləcədə insan haqlarının qorunması məsələsini analitik baxımdan təhlil etməyə yönəlmişdir. Qloballaşma ilə bağlı beynəlxalq qarşılıqlı əlaqələrin daha da güclənməsi, tətbiq edilən sanksiyaların təsirini yalnız hədəf dövlətlərlə məhdudlaşdırmır, həm də qlobal və regional səviyyələrdə institusional dəyişikliklərə yol açır. Hazırda beynəlxalq hüququn qeyri-hərbi məcburiyyət alətlərindən biri kimi çıxış edən sanksiyaların icra mexanizmləri, hüquqi əsasları və humanitar nəticələri bir çox hallarda hüquqşünaslar və siyasətçilər arasında fikir ayrılığına səbəb olur. Məqalədə siyasi və iqtisadi sanksiyaların təsnifatı, hüquqi əsasları və beynəlxalq təşkilatların tətbiq siyasətləri (BMT, Avropa İttifaqı, Afrika İttifaqı, ABŞ və s.) sistemli şəkildə təhlil edilmişdir. Beynəlxalq təşkilatların sanksiya siyasətləri hüquqi baza, icra mexanizmi və effektivlik baxımından müqayisə olunmuş, sanksiyaların insan hüquqları və vətəndaş cəmiyyətinə təsiri geniş şəkildə təhlil edilmişdir.
Bu tədqiqatın nəticələri göstərir ki, beynəlxalq sanksiyalar təkcə siyasi təsir alətləri kimi deyil, həm də beynəlxalq hüququn daha geniş institusional mənzərəsi çərçivəsində struktur məqsədə xidmət edir. Buna baxmayaraq, onların sosial və humanitar nəticələrinin minimuma endirilməsi və əsas hüquqi standartların gücləndirilməsi daha şəffaf, əhatəli və səmərəli idarəetmə mexanizmlərinin həyata keçirilməsini tələb edir. Tədqiqatın nəticələri beynəlxalq hüquqi çərçivələri inkişaf etdirmək və insan hüquqlarının ümumi müdafiəsini gücləndirmək üçün dəyərli fikirlər təklif edir.
Açar sözlər: beynəlxalq hüquqi çərçivələr, beynəlxalq sanksiyalar, insan hüquqları, iqtisadi məhdudiyyətlər, hüquqi baza