NƏŞR ETİKASI VƏ ETİK QAYDALAR
Müəlliflik
Məqalə müəllifləri yalnız tədqiqat işinə əhəmiyyətli töhfə verən, tədqiqatın aparılması, məlumatların toplanması və təhlili, məqalənin yazılması və redaktəsi prosesində aktiv iştirak edən şəxslərdən ibarət olmalıdır. Digər dəstək verən şəxslər isə məqalədə yalnız Təşəkkür bölməsində göstərilə bilərlər. Hər bir müəllif məqalənin bütün məzmununa cavabdeh olduğunu və elmi-etik prinsiplərə riayət etdiyini təsdiqləməlidir.
Maraq toqquşmaları
"Nature & Science" beynəlxalq elmi jurnalı elmi etik prinsiplərə və şəffaflığa sadiqdir. Jurnalın bütün iştirakçıları – müəlliflər, redaktorlar və rəyçilər maraq toqquşmaları hallarını açıq şəkildə bəyan etməlidirlər.
Müəlliflər: Tədqiqatın hazırlanması və ya dərcinə təsir göstərə biləcək bütün şəxsi və maliyyə maraqlarını təqdim etdikləri məqalədə və ya müşayiət məktubunda açıq şəkildə bəyan etməlidirlər.
Redaktorlar: Hər hansı müəlliflə şəxsi və ya peşəkar əlaqələri varsa və bu onların obyektivliyinə təsir göstərə bilərsə, bu vəziyyəti açıqlamalı və həmin məqalənin qiymətləndirilməsində iştirakdan çəkinməlidirlər.
Rəyçilər: Rəy verdikləri məqalələrdə maraq toqquşmaları aşkar edilərsə, redaksiya heyətinə bu barədə dərhal məlumat verməlidirlər.
Müvafiq tədbirlər: Jurnal COPE (Nəşr Etikası Komitəsi) qaydalarına uyğun olaraq maraq toqquşmalarının qarşısını alır və lazım gəldikdə bu barədə məlumat məqalədə oxuculara açıq şəkildə bildirilir.
Plagiat siyasəti
“Nature & Science” beynəlxalq elmi jurnalı təqdim edilən bütün məqalələri StrikePlagiarism plagiat proqramı ilə yoxlayır. Sistem məqalələri universitetlər, digər akademik bazalar, internet resursları və hüquqi bazalar daxil olmaqla bir çox mənbələrlə müqayisə edərək işin orijinallığını təmin edir. Müəlliflər təqdim etdikləri işdə istifadə olunan bütün mənbələri düzgün şəkildə göstərməlidirlər. Plagiat və ya etik pozuntu aşkar edildiyi təqdirdə məqalə nəşr olunmur.
Məxfilik bəyannaməsi
Redaktorlar təqdim edilmiş əlyazma haqqında məlumatları yalnız rəyçilər və digər redaktorlarla paylaşa bilərlər; bu məlumatlar başqa şəxslərə açıqlanmamalıdır. Redaksiyaya daxil olan əlyazmalar məxfi sənədlər kimi qorunmalıdır. Veb-sayta daxil edilən adlar və e-poçt ünvanları yalnız jurnalın məqsədləri üçün istifadə olunur və heç bir halda üçüncü tərəflərə təqdim edilmir.
Nəşr etikası bəyanatı
“Nature & Science” beynəlxalq elmi jurnalı COPE (Nəşr Etikası Komitəsi) tövsiyələrinə uyğun fəaliyyət göstərir. Jurnalın qiymətləndirmə və nəşr prosesi aşağıdakı prinsiplərə əsaslanır:
1. Tədqiqat məlumatlarının düzgün və dəqiq təqdim olunması.
2. Saxta və manipulyasiya edilmiş məlumatların dərc edilməməsi.
3. Plagiat və eyni tədqiqatın bir neçə yerdə dərc edilməsi (redundant publication) hallarının qarşısının alınması.
Əgər etik pozuntular aşkarlanarsa, jurnal düzəliş, geri çəkmə və ya imtina tədbirləri görür.
Düzəliş və geri çəkmə siyasəti
“Nature & Science” beynəlxalq elmi jurnalı dərc olunmuş məqalələrin elmi düzgünlüyünü və etibarlılığını qorumağı əsas prinsip kimi qəbul edir. Jurnal nəşr prosesində COPE (Nəşr Etikası Komitəsi) tövsiyələrinə uyğun fəaliyyət göstərir.
Düzəlişlər: Əgər dərc olunmuş məqalədə texniki səhvlər və ya redaksiya xətaları aşkar edilərsə və bu səhvlər tədqiqatın əsas nəticələrinə təsir göstərmirsə, texniki düzəlişlər aradan qaldırılır.
Geri çəkmə: Plagiat və ya digər ciddi etik pozuntular aşkar edildikdə, saxta və ya manipulyasiya edilmiş məlumatlar müəyyən edildikdə, tədqiqat nəticələrinin etibarlılığına ciddi şübhə yarandıqda, eyni tədqiqatın bir neçə yerdə dərc edilməsi halları aşkar edildikdə məqalə geri çəkilir. Geri çəkilmiş məqalələr jurnalın arxivində saxlanılır, lakin məqalə üzərində “Geri çəkildi” qeydi göstərilir və bunun səbəbi oxucular üçün açıq şəkildə təqdim olunur.
Rəyçi etikası
Rəyçilər jurnalın obyektiv və ədalətli qiymətləndirmə prinsiplərinə uyğun fəaliyyət göstərməlidirlər. Müəllif(lər)in cinsindən, irqindən, dinindən, vətəndaşlığından və siyasi baxışlarından asılı olmayaraq, bütün əlyazmalar yalnız məqalənin intellektual məzmunu əsasında obyektiv və ədalətli şəkildə nəzərdən keçirilməlidir. Əlyazma ilə bağlı bütün məlumatlar məxfi saxlanılmalı və yalnız müvafiq şəxslərlə – digər rəyçi və redaktorlarla paylaşılmalıdır. Maraqların toqquşması halları aşkar edildikdə, rəyçilər bu barədə dərhal redaktoru məlumatlandırmalıdırlar. Rəyçilər rəy hazırlayarkən məqalənin elmi keyfiyyətini, orijinallığını və metodoloji dəqiqliyini əsas götürməli, eyni zamanda öz rəylərini müəyyən edilmiş müddət ərzində təqdim etməlidirlər.
Müəllif etikası
Müəlliflər jurnalın etik prinsiplərinə uyğun olaraq məsuliyyət daşıyır və redaksiyaya məqalə təqdim edərkən aşağıdakı tələblərə riayət etdiklərini təsdiqləməlidirlər.
Təqdim olunan əlyazma müəllif(lər)in orijinal işi olmalı, daha əvvəl nəşr olunmamalı və eyni vaxtda başqa bir jurnala təqdim edilməməlidir. Məqalədə təqdim olunan məlumatlar dəqiq və etibarlı olmalı, bütün müəlliflərin razılığı təmin edilməli və müəlliflik düzgün şəkildə göstərilməlidir. Əlyazmanın hazırlanmasında istifadə olunan bütün məlumat mənbələri müvafiq qaydada qeyd edilməlidir. Müəlliflər tədqiqatın maliyyələşməsi və sponsorları barədə məlumatı açıq şəkildə bəyan etməli, həmçinin mövcud olduqda maraqların toqquşması (şəxsi, peşəkar və ya maliyyə) barədə məlumat verməlidirlər. Plagiat və eyni tədqiqatın bir neçə yerdə dərc edilməsi (redundant publication) hallarına yol verilməməlidir.
Redaktor etikası
Redaktorlar jurnalın obyektiv və şəffaf nəşr prinsiplərinə əməl etməlidirlər. Bütün əlyazmalar yalnız məqalənin intellektual məzmunu əsasında obyektiv və ədalətli şəkildə qiymətləndirilməli, müəlliflərin cinsi, irqi, dini, vətəndaşlığı və siyasi baxışları qiymətləndirmə prosesinə təsir etməməlidir. Redaktorlar məqalələrin qiymətləndirilməsi zamanı şəxsi maraqlardan çəkinməli və maraq toqquşması halları aşkar edildikdə dərhal müvafiq tədbirlər görməlidirlər. Rəyçilərin seçimi jurnalın mövzu istiqamətinə və elmi standartlarına uyğun şəkildə, şəffaf prinsiplər əsasında həyata keçirilməlidir. Əlyazmalarla bağlı bütün məlumatlar məxfi saxlanılmalı və yalnız müvafiq şəxslərlə –redaktorlar və rəyçilərlə paylaşılmalıdır. Redaktorlar rəyçilər və müəlliflər arasında ünsiyyəti düzgün şəkildə təşkil etməli və təqdim olunan rəylər əsasında obyektiv qərar qəbul etməlidirlər. Etik pozuntular aşkar edildikdə isə redaktorlar dərhal müvafiq tədbirlər görməlidirlər.
Məqalələrin təqdimat prosesi
Məqalələr jurnala aşağıdakı üsullar vasitəsilə təqdim edilir:
1. Onlayn sistem – Məqalə göndər
2. E-poçt – nature.science2000@aem.az
Qeyd: Məqalələr jurnalın yazı qaydalarına uyğun şəkildə hazırlanmalı, istinadlar düzgün göstərilməli və etik tələblərə riayət edilməlidir.
Rəy prosesi
“Nature & Science” beynəlxalq elmi jurnalında məqalələr ikitərəfli kor baxış (double-blind peer review) əsasında qiymətləndirilir. Bu prosesdə həm müəlliflərin, həm də rəyçilərin kimliyi məxfi saxlanılır, bu da obyektiv və ədalətli qiymətləndirməni təmin edir.
Təqdimat və ilkin baxış: Məqalə redaksiyaya təqdim edildikdən sonra redaktorlar tərəfindən ilkin baxışdan keçirilir. Bu mərhələdə məqalənin jurnalın mövzu sahəsinə uyğunluğu və formal tələblərə cavab verməsi (format, struktur, dil, istinad qaydaları və s.) qiymətləndirilir. Daha sonra məqalələr StrikePlagiarism proqramı ilə plagiat yoxlamasından keçirilir. Məqalənin orijinallığı təsdiqləndikdən və etik tələblərə əməl olunduğu müəyyənləşdirildikdən sonra rəy mərhələsinə göndərilir.
Rəyçilərin təyin edilməsi: İlkin baxışdan keçən məqalələr anonim olaraq uyğun mütəxəssislərə göndərilir. Hər məqalə ən azı iki müstəqil rəyçi tərəfindən qiymətləndirilir. Rəyçilər həm yerli, həm də beynəlxalq ekspertlər arasından seçilir. Onların kimliyi müəlliflərdən gizli saxlanılır.
Baxış və rəy: Rəyçilər məqaləni elmi töhfə, orijinallıq, metodoloji dəqiqlik və təqdim olunan nəticələrin etibarlılığı əsasında qiymətləndirir və lazım olduqda təklif və ya düzəlişlər təqdim edirlər.
Rəy müddəti və şərhlərin alınması: Redaksiya rəyçilərin şərhlərini 2–4 həftə ərzində alır. Zərurət yarandıqda bu müddət uzadıla bilər.
Qərar qəbul edilməsi: Rəyçilərin verdiyi rəylərə əsaslanaraq, sahə üzrə redaktor məqalənin nəşrə qəbul edilməsi, düzəliş üçün geri qaytarılması və ya imtina edilməsi barədə ilkin qərar verir. Məqalə ilə bağlı yekun təsdiq baş redaktor tərəfindən həyata keçirilir.
Düzəlişlər və yenidən təqdimat: Əgər düzəlişlər tələb olunursa, müəlliflər rəyçilərin və redaktorun təklif etdiyi dəyişiklikləri tətbiq etməli və məqaləni yenidən redaksiyaya təqdim etməlidirlər. Müəlliflərlə bütün ünsiyyət redaktor tərəfindən həyata keçirilir.
Qəbul edilən məqalələrin nəşri: Qəbul edilmiş məqalələr nəşrə təqdim edilməzdən əvvəl redaktə və formatlama mərhələlərindən keçirilir. Məqalələr nəşrə hazır vəziyyətə gətirildikdən sonra jurnalın veb-saytında çap olunur.
Nəşr haqqı
“Nature & Science” açıq girişli (Open Access) beynəlxalq elmi jurnal olaraq məqalə nəşri ödənişi (APC) tətbiq edir. Ödəniş yalnız məqalə qəbul edildikdən sonra həyata keçirilir. Ödəmələr Visa kartı vasitəsilə aparılır. Maliyyə çətinliyi ilə üzləşən müəlliflər üçün güzəştlər nəzərdə tutulur.
Əlaqə: info@aem.az | +994 50 209 59 68
Açıq giriş siyasəti
“Nature & Science” beynəlxalq elmi jurnalı 2019-cu ildən Open Access rejimində fəaliyyət göstərir və bütün məzmun Creative Commons Attribution-NonCommercial 4.0 (CC BY-NC 4.0) lisenziyası ilə yayımlanır. Lisenziya məlumatları çap versiyada 2024-cü ildən – Cild 6, Say 8-dən etibarən göstərilməyə başlanmışdır. Jurnalın bütün məzmunu istifadəçilər və ya onların müəssisələri üçün ödənişsiz və sərbəst şəkildə əlçatandır. Dərc olunmuş məqalələrin tam mətninə jurnalın rəsmi veb-saytı vasitəsilə (https://aem.az/tebiet-ve-elm) heç bir abunə haqqı və ya giriş ödənişi tələb olunmadan daxil olmaq mümkündür. İstifadəçilər məqalələri oxuya, yükləyə, kopyalaya, paylaşa, çap edə, link verə və digər qanuni məqsədlər üçün istifadə edə bilərlər.
Arxivləşdirmə siyasəti
Müəlliflər məqalələrinin nəşr olunmuş versiyalarını CC BY-NC 4.0 lisenziyası əsasında istənilən institusional və ya digər repozitoriyalarda yerləşdirə bilərlər.
Lisenziya və müəllif hüquqları
Jurnalın bütün məqalələri Creative Commons Attribution-NonCommercial 4.0 International (CC BY-NC 4.0) lisenziyası altında nəşr olunur. Müəllif bütün hüquqları özündə saxlayır.
Bu lisenziya çərçivəsində istifadəçilər aşağıdakı hüquqlara malikdir:
Paylaş – materialı istənilən mühitdə və formatda kopyalamaq və yaymaq.
Uyğunlaşdır – materialı dəyişdirmək, uyğunlaşdırmaq və onun əsasında yeni işlər yaratmaq.
Lisenziya şərtlərinə əməl etdiyiniz müddətdə lisenziya verən bu azadlıqları ləğv edə bilməz.
Lisenziya aşağıdakı şərtlərlə tətbiq olunur:
Attribution (BY) – Müəllifə istinad edilməlidir, lisenziya linki göstərilməli və dəyişikliklər qeyd olunmalıdır.
NonCommercial (NC) – Material yalnız qeyri-kommersiya məqsədilə istifadə oluna bilər.
No additional restrictions – Lisenziya ilə icazə verilən hüquqları məhdudlaşdıran əlavə hüquqi və ya texnoloji tədbirlər tətbiq oluna bilməz.
Bildirişlər:
İctimai mülkiyyətdə olan və ya istifadənizə tətbiq olunan istisna və ya məhdudiyyətlə icazə verilən materiallar üçün lisenziyaya riayət etmək məcburiyyətində deyilsiniz.
Heç bir zəmanət verilmir. Lisenziya sizə nəzərdə tutulan istifadəniz üçün lazım olan bütün icazələri verməyə bilər. Məsələn, aşkarlıq, məxfilik və ya mənəvi hüquqlar kimi digər hüquqlar materialdan necə istifadə etməyinizi məhdudlaşdıra bilər.
Ətraflı məlumat üçün: https://creativecommons.org/licenses/by-nc/4.0/