DOI: https://doi.org/10.36719/2789-6919/49/57-65
Rəşid Mehdiyev
Bakı Dövlət Universiteti
doktorant
https://orcid.org/0009-0002-7881-2757
mresid.1998@gmail.com
XX əsrin 70-80-ci illərində Azərbaycanda təhsil sisteminin güclənməsində Heydər Əliyevin rolu
Xülasə
Ümummilli lider Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycan SSR-ə rəhbərlik etdiyi dövr onun siyasi fəaliyyətində təhsil, elm və mədəniyyət sahələrinin inkişafı, habelə xalqın intellektual potensialının artırılması istiqamətlərinə xüsusi önəm verməsi ilə səciyyələnir. Bu mərhələ milli tariximizin intibah dövrü kimi xarakterizə olunur və həmin yüksəliş, əhalinin təhsil səviyyəsinin artması, fundamental elmin təşəkkülü və milli mədəniyyətin inkişafı ilə üzvi şəkildə bağlı idi. Bütün bu proseslərin əsasını isə mövcud təhsil sisteminin gücləndirilməsi və ondan səmərəli şəkildə faydalanma təşkil edirdi. 1969-1982-ci illər Azərbaycan elmi və təhsilinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğu bir dövr olmuşdur. Xüsusilə 1970-1980-ci illərin əvvəllərində ali məktəblər üçün möhkəm maddi-texniki baza yaradılmış, elm və təhsil ənənələrinin müasirləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmışdır.
Məqalədə Ümummilli lider Heydər Əliyevin 1970-80-ci illərdə respublikaya rəhbərliyi dövründə elm və təhsil sahəsinə göstərdiyi xüsusi qayğı və diqqət təhlil olunur. Bu dövrdə elm və təhsil sahəsində yüksəliş baş vermiş və Azərbaycanın gələcəyi üçün milli kadr bazasının hazırlanmasının bünövrəsi qoyulmuşdur.
Açar sözlər: XX əsrin 70-80-ci illəri, Ümummilli lider, təhsil sistemi, intibah dövrü, elm, milli kadrlar