Arxiv
ELMİ TƏDQİQAT - 2026 ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

Y.Haşekin “Cəsur əsgər Şveykin macəraları” romanında cəmiyyətin satirik təsviri

 

Vüsalə Qazıyeva

 

Xülasə. Bu məqalədə görkəmli çex yazıçısı Jaroslav Hašek yaradıcılığı, xüsusilə onun dünya ədəbiyyatında mühüm yer tutan “Cəsur əsgər Şveykin macəraları” romanı tədqiq olunur. Araşdırmanın əsas məqsədi əsərdə satira, müharibə tənqidi və cəmiyyətin sosial-siyasi problem­lərinin necə əks etdirildiyini müəyyənləşdirməkdir. Məqalədə yazıçının satirik realizm ənənələrinə sadiqliyi, bürokratiya, siyasi oyunlar və müharibənin insan həyatına təsiri kimi mövzulara xüsusi diqqət yetirdiyi göstərilir. Haşekin yaradıcılığında dokumentalizm üslubunun mühüm yer tutduğu, müəllifin şəxsi həyat müşahidələri və real hadisələrdən geniş istifadə etdiyi vurğulanır.

Tədqiqat zamanı romanın baş qəhrəmanı Josef Šveyk obrazı təhlil edilir və onun sadəcə fərdi xarakter deyil, bütövlükdə çex xalqının ümumiləşdirilmiş simvolu olduğu qənaətinə gəlinir. Şveykin davranışında görünən sadəlövhlük və komik xüsusiyyətlər əslində müharibənin, hərbi intizamın və bürokratik sistemin absurdluğunu ifşa edən satirik vasitə kimi təqdim olunur. Müəllif Avstriya-Macarıstan imperiyasının dağılmaqda olan ictimai-siyasi sistemini istehza ilə təsvir edir, müharibənin mənasızlığını və insan psixologiyasına təsirini açıb göstərir.

Araşdırma nəticəsində müəyyən edilir ki, Haşekin yaradıcılığı yalnız satirik ədəbiyyat nümunəsi deyil, həm də müharibə əleyhinə humanist düşüncənin ifadəsidir. Roman bu gün də sosial ədalətsizlik, hakimiyyət özbaşınalığı və insan azadlığı problemlərini əks etdirdiyi üçün aktuallığını qoruyub saxlayır.

 

Açar sözlər: çex ədəbiyyatı, Y.Haşek,  satira,  komik roman,  sosial tənqid

 


Baxış: 246