https://doi.org/10.36719/2789-6919/40/82-86

İlahə Səfərzadə

Bakı Dövlət Universiteti

doktorant

ilahe.safarzadeh@gmail.com

https://orcid.org/0009-0009-6933-9065

 

Zahid Sarıtorpağın “Quşların intiharına ağlamayın” əsərində travma və qadın

 

Xülasə

Məqalə Azərbaycanın müasir yazıçılarından biri Zahid Sarıtorpağın “Quşların intiharına ağlamayın” əsərindəki qadın xarakterinin təhlili, travmaları, psixoloji zədənin onun sonrakı həyatına təsiri, müasir travma nəzəriyyələrindən biri psixoanalitik nəzəriyyənin romanda hansı səviyyədə əks olunduğu və bütün bunların ədəbiyyatda öz əksini necə tapmasına həsr olunub. Tədqiqata cəlb etdiyimiz bu romanla bağlı məqalədə qadının vəziyyəti probleminə toxunulur. Travmaların qadınların həyatındakı mənfi təsirləri və bu mövzunun nəsrdə necə işlənməsi ilə bağlı təhlillər yer alıb. Müəllif romanda psixoloji zədələrin insan həyatına gətirdiyi əxlaqi çatışmazlıqlara və qadın həyatının bu çatışmazlıqlar fonunda məhvinə diqqət çəkir.

Travma nəzəriyyələrinin ədəbiyyatla qarşılıqlı əlaqəsi psixologiya və ədəbiyyatın kəsişmə­sindəki önəmli sahələrdən biridir. Müasir travma nəzəriyyələri insan davranışlarının psixoloji zədələrə necə reaksiya verdiyini anlamağa, tədqiq etməyə və çarələr tapmağa çalışır. Bu nəzə­riyyələr bir neçə fərqli yanaşmanı özündə ehtiva edib hər biri travmanın ayrı-ayrı fərdlər və cəmiyyət üzərində təsirlərini fərqli aspektlərdən izah etsə də onlardan ən geniş yayılanı psixoanalitik nəzəriyyədir. Bu yanaşmanı avstriyalı həkim -psixiatr Z. Freyd (1856-1939) inkişaf etdirmiş və insanın psixoloji inkişafını, davranışlarını, emosional problemlərini öyrənməyə yönəltmişdir. O, psixoanalizi fəlsəfi antropoloji prinsip səviyyəsinə qaldırmışdır.

Açar sözlər: qadın, xarakter, cəmiyyət, travma, ədəbiyyat


Baxış: 181