DOI: https://doi.org/10.36719/2706-6185/59/207-211
Aytac Babayeva
Bakı Dövlət Universiteti
magistrant
https://orcid.org/0009-0005-2623-1805
bbyvaaytac@gmail.com
Meqa tədbirlərin regionlar üzrə turizm axınlarına təsiri və
gəlir diferensasiyası problemləri
Xülasə
Meqa tədbirlərin turizm sektoruna təsiri aktual tədqiqat mövzularından biridir. Bu məqalədə mövcud ədəbiyyat əsasında meqa tədbirlərin turist axınlarına təsiri barədə fərqli yanaşmalar təhlil edilmiş, həmçinin statistik məlumatlar əsasında müqayisəli analiz aparılmışdır. Tədqiqatda 2010–2024-cü illərdə bir sıra ölkələrin (o cümlədən Azərbaycan) ev sahibliyi etdiyi meqa idman və mədəni tədbirlərdən sonra beynəlxalq turist gəlişlərində yaranan dəyişikliklər araşdırılmışdır. Analiz üçün müxtəlif məlumat mənbələrindən əldə edilmiş statistik göstəricilər və müvafiq illik hesabatlar istifadə edilmişdir. Nəticələr göstərir ki, meqa tədbirlər adətən ev sahibi regiona qısamüddətli turist axınını artırır, lakin bu artımın miqyası tədbirin növü və keçirildiyi şəraitdən (mövsüm və ya qlobal şərait) asılı olaraq çox dəyişir. Təklif edilmişdir ki, meqa tədbirlərin keçirilməsi zamanı regionlara daha bərabər paylanmış fayda təmin etmək üçün infrastrukturun bölgələr üzrə yayılması və turist marşrutlarının ölkədaxili genişləndirilməsi kimi strategiyalardan istifadə olunsun. Tədqiqat nəticələri göstərir ki, düzgün planlaşdırma aparılmadıqda meqa tədbirlər turizm sektorunda mövcud regional fərqləri dərinləşdirə bilər. Buna görə hökumət və maraqlı tərəflər meqa tədbir sonrası dövrdə davamlı turizm inkişafını təmin etmək üçün siyasətlər formalaşdırmalıdır.
Açar sözlər: meqa tədbirlər, turizm axınları, regionlar, turizm gəlirləri, diferensiallaşma