Ş.T.Bünyadova
Bakı Dövlət Universitetini
AZƏRBAYCAN ATALAR SÖZLƏRİNDƏ BAYRAMLAR, OYUN VƏ ƏYLƏNCƏLƏR
Açar sözlər: Azərbaycan, atalar sözləri, bayram, oyun, əyləncə
Ключевые слова: Азербайджан, пословицы, праздник, игры, развлечение
Key words:Azerbaijan, proverbs, festivities, games, entertainment
Təqdim olunan məqalə Azərbaycan xalqının atalar sözlərində mövcud olan bayramlar, oyun və əyləncələrlə bağlı elmi araşdırmaya həsr olunmuşdur. Azərbaycan etnoqrafiya elminin inkişafında folklorun müxtəlif janrlarında mövcud olan zəngin materialların yardımçı mənbə qismində tədqiqata cəlb olunmasının mühüm əhəmiyyəti danılmaz faktdır. Şifahi xalq yaradıcılığının izlərilə yola çıxsaq, bu geniş ümmanda xalqımızın mənəvi dünyasını canlandıran xeyli materiala rast gəlməyin mümkün olduğunu görərik. Folklorun bir janrı kimi Azərbaycan xalqının zəngin atalar sözlərində xalq bayramlarımız, oyun və əyləncələrimiz haqqında maraqlı xatırlatmaların olduğunu görmək mümkündür. Bu bizə xalqımızın minilliklərdən bəri formalaşıb gələn zəngin mənəvi mədəniyyəti barədə fikir söyləməyə geniş imkan yaradır. Atalar sözlərinin etnoqrafiyadakı əhəmiyyətini vurğulayan E.Teylor qeyd edir ki, müasir dilimizə irsən keçən qədim atalar sözlərinin müdrikliyi qədimlərdə olduğu kimi indi də aydın və davamlıdır (11, 76-77).